Buraxılış imtahanlarının keçirilmə qrafiki açıqlandı
Ümumi (9-cu sinif) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları bölgələr üzrə əvvəlcədən elan olunduğu kimi 2022-ci il 16, 17, 23, 24, 30 aprel və 1 may tarixlərində aşağıdakı qrafikə uyğun keçiriləcək.
Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, bu imtahanda iştirak etmək üçün şagirdlərin qeydiyyatı tələb olunmur. Şagirdlər imtahan gününə 1 həftə qalmış Dövlət İmtahan Mərkəzinin saytı vasitəsilə “İmtahana buraxılış vərəqəsi”ni çap edirlər. Buraxılış vərəqəsində imtahanın keçiriləcəyi şəhər (rayon), bina, zal, başlanma vaxtı və şagirdin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunacaq.
Məcburi köçkün rayonlarından olan şagirdlər buraxılış imtahanını orta ümumtəhsil müəssisəsinin yerləşdiyi şəhərdə (rayonda) yuxarıdakı qrafikə uyğun verəcəklər.
Sumqayıt, Abşeron, Cəlilabad, Xaçmaz, Masallı, Quba rayonlarında yerləşən məktəblərin şagirdlərinin imtahanı iki imtahan gününə bölünüb. Cədvəldə bu hal müvafiq olaraq, "hissə"lərlə adlandırılıb. Həmin gün hansı məktəblərin şagirdlərinin imtahan verməsi haqqında məlumat imtahandan 10 gün əvvəl DİM-in saytında yerləşdirilən qrafikə əlavə ediləcək.
Bakı şəhərində yerləşən xüsusi məktəblərin – internat məktəbləri, tədrisi ingilis və fransız dilində olan məktəblər, Çilov adasında yerləşən məktəb, cəzaçəkmə müəssisələrində olan məktəblərin şagirdləri üçün imtahan mayın 1-də, keçiriləcək. Gürcü bölməsi üzrə məzun olanlar isə imtahanı aprelin 16-da verəcəklər.