Ali məktəblərə qəbul qaydaları açıqlandı
Ali təhsil müəssisələrinə tələbə qəbulu qaydaları açıqlanıb. Bu barədə "Abituriyent" jurnalının 1-ci nömrəsində qeyd olunub.
Jurnalın bu nömrəsində ali təhsil müəssisələrinə tələbə qəbulu qaydaları, qəbul imtahanının ikinci mərhələsi üçün I, II, III və IV ixtisas qruplarına daxil olan fənlər üzrə qəbul imtahanı proqramları, ədəbiyyat siyahısı, tapşırıq nümunələri, balların hesablanma qaydası, xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul elanları və digər zəruri materiallar dərc olunub.
Jurnalda dərc edilmiş tapşırıq nümunələri abituriyentlərin öyrəndiklərini yoxlaya bilmələri və idraki bacarıqlarını inkişaf etdirmələri üçün təqdim olunub. Qəbul imtahanı modelinə əsasən, hər fənn üzrə 30 tapşırıq təqdim olunur. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq tiplidir. Açıq tipli tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya, mətn və yaxud mənbə əsasında hazırlanan tapşırıqlardır. Digər açıq tipli tapşırıqlar uzun müddət istifadə olunan hesablama, seçim, uyğunluğu müəyyənetmə tipli tapşırıqlardır. Yazılı şəkildə cavablandırılması tələb olunan tapşırıqların hər birinin sonunda müvafiq tapşırığı yerinə yetirmək üçün yer ayrılıb.
Jurnalda tapşırıq nümunələrinin düzgün cavabları və qiymətləndirmə meyarları da verilib.
Jurnal iki dildə – Azərbaycan və rus dillərində çap olunub.
Kitabı "Abituriyent" satış köşkündən (Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.