Müəllimlərin işə qəbulu qaydasında dəyişiklik edildi
“Müəllimlərin işə qəbulu müsabiqəsi ilə bağlı rəy və sorğular əsasında bu il təkmilləşdirmələr aparılıb. Yaxın günlərdə dəyişikliklər qüvvəyə minib”.
Bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov müəllimlərin işə qəbulu və yerdəyişməsi qaydalarında tətbiq edilən yeniliklərlə bağlı danışarkən deyib.
Onun sözlərinə görə, test imtahanı mərhələsində sualların cavablandırılması üçün verilən 90 dəqiqə 120 dəqiqəyə qədər artırılıb “Bu namizədlər üçün əlverişli şəraitin yaradılmasına səbəb olacaq. Ənənəvi şəkildə yenə 60 sual təqdim olunacaq. Cavablandırılma zamanı qiymətləndirmə fərqli olacaq. Əvvəlki kimi 60 yox 100 bal toplamalı olacaqlar. Bu mərhələdə ixtisas üzrə düzgün cavablandırılan test tapşırıqları 2 bal, tədris metodikası və təlim strategiyaları üzrə isə 1 bal olaraq hesablanacaq. Ümumilikdə 100 ballıq qiymətləndirmə sistemi tətbiq ediləcək. Yeni qaydalara əsasən, səhv cavablandırılan test tapşırıqları imtahan nəticəsinə təsir göstərəcək. İxtisas üzrə 1 səhv cavablandırılmış sual -0,5 bal, tədris metodikası üzrə isə -0,25 bal şəklində hesablanaraq namizədin imtahan nəticəsindən silinəcək”.