Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin V sinfinə şagird qəbulu elan edilib

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin V sinfinə şagird qəbulu elan edilib
01 fevral 2022

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin V sinfinə şagird qəbulu elan edilib.

Bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb. Bildirilib ki, Xüsusi Məktəbin V sinfinə qəbul imtahanında 2022-ci il dekabrın 31-dək 10 yaşı tamam olan və 12 yaşı tamam olmayan, qəbul aparılan ildə ümumi təhsil pilləsinin IV sinfində təhsil alan, fiziki cəhətdən sağlam olan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları iştirak edə bilərlər. İmtahanlarda iştirak etmək istəyən namizədlər DİM-in rəsmi internet saytında (www.dim.gov.az) “Şəxsi kabinet” yaratmalı və pul hesabına 40 AZN əlavə etməlidirlər. Daha sonra 2022-ci il fevralın 1-dən martın 28-dək dim.gov.az saytının baş səhifəsində yerləşdiriləcək keçid vasitəsilə elektron ərizəni dolduraraq qeydiyyatdan keçməlidirlər.

DİM-in saytında “Şəxsi kabinet” yaratmaq üçün şagirdlər əvvəlcə təhsil aldıqları orta məktəbə müraciət edərək fərdi məlumatlarının “Şagird-məzun” dövlət elektron məlumat sisteminə daxil edilməsini təmin etməlidirlər. Daxil edilmiş məlumatlarda “imtahana buraxılır” və ya “hazırda təhsil alır” bəndi seçilməlidir. Əks halda, həmin şagirdlər imtahanda iştirak etmək üçün elektron qeydiyyatdan keçə bilməyəcəklər.

Ətraflı məlumatla DİM-in saytındakı elan vasitəsilə tanış olmaq olar.