Peyğəmbər adına bağlı peşəsi,
Elmin işığıyla açdı gözümü.
Dünyada hər addan üstün bilmişəm,
Şərəfli,müqəddəs müəllim sözünü.

O bir Günəşdir ki,zərrəsi şəfqət,
Qığılcımı düşən hər qəlb nurlanar.
Müəllim dəyərin bilməyən millət,
Taleyi qaranlıq,zehni kor qalar.

Bilik öyrətməklə bitməz ki işi,
Qayğısı,sözüylə məlhəm olar o.
Güvənlə,inamla tutar əlindən,
Doğmadan da doğma,məhrəm olar o.

Ruhu cilalayıb bir memar kimi,
Ona qanad verib göyə ucaldar.
Sabaha gəncliyin gözüylə baxar,
Onu nə gün,nə ay,nə il qocaldar.

Sinifdə bir sayıq sərkərdəmizdir,
Nə qədər ağırdır məsuliyyəti.
“Qüvvət bilikdədir,öyrənin”,-deyib,
İrəli aparar bəşəriyyəti.

Hər adam daşıya bilməz bu adı,
Gərəkdir ki,insan müəllim doğulsun.
Ziyası qərq etsin qatı zülməti,
Qəhrəman Dankotək ürəyi olsun.

İbadətdən üstün onun əməyi,
Fədakar şam kimi əriyib yanar.
Elmin qapısında əyər boynunu,
Önündə hörmətlə əyilər başlar.

Ədəbin,əxlaqın timsalıdır o,
Təməli sayılır haqq-ədalətin.
Təbaşirli əli hər gün lövhədə,
Nurlu taleyini yazır millətin.

Həssas təbiəti,anlayışıyla,
Tələbə qayğısın birgə yaşayar,
Çox nəcib, təmkinli davranışıyla,
Ruhunda bir mələk səbri daşıyar.

Eşqiylə suvarar düşüncələri,
Xeyir,bilik əkər zehnin yoluna.
Səpdiyi damlalar ümmana dönər,
Onu məhəbbətlə alar qoynuna.

Bizim uğurumuz o toxuduğu,
Parlaq gələcəyin ilmələridir.
Hər bir sevincimiz bilik bağından,
Zəhmətlə dərdiyi meyvələridir.

Vicdan,ləyaqətin,səbrin örnəyi!
Haqqını ödəyən tapılmaz onun.
Yığın ən insani keyfiyyətləri,
Müəllimə heykəli Sevgidən qoyun!

ÜLKƏR HÜSEYNLİ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir