DANIŞAN ŞƏKİLLƏR

Zəng vurulur.Dərsə tələsirəm.Sol əlimlə qucağımda sıxdığım test kitabçalarını saxlamağa çalışır,sağ əlimlə əynimdəki ağ xalatın yaxasını düzəldə-düzəldə müəllimlər otağından çıxıram.İllərdir ki,çalışdığım tədris ocağının qaydasına uyğun sinfə ağ xalatla giririk.İlk qarşılaşdığım müəllimlər otağının divarından mənə baxıb ən doğma insan kimi gülümsəyən Turqut Xəlilbəylinin işıqlı simasıdır.Həm biz az utanır,həm də qəhərlənirəm.Axı bu xalat məndən-bir müəllimdən daha çox sizə,həmkarınız Aqşin Ənvərliyə yaraşırdı, həkim.Hə,bir də azca irəlidən boylanan Arəstə bacımıza.Qarşı divardansa Şükür Həmidovun təmkinli və mərd baxışları ilə göz-gözə gəlirəm.Özümü elə doğma və güvənli yerdə hiss edirəm ki.Axı hər mərtəbədə dəhliz boyu sinif otaqlarının divarlarından ən qoçaq,ən yüksək məqam sahibləri nəzərləri ilə məni izləyirlər.İrəliləyirəm.Ürəyim hamı ilə tək-tək salamlaşır.Siz bizi heç tanımasanız da,müəllimli- tələbəli hamımız sizi tanıyırıq,sevirik.Axı siz Vətən və bizim üçün candan keçənlər, ürəyimizə köçənlərsiniz.Şəkillərdə donmuş gülüşünüz,baxışınız hər birimizi siniflərə kimi ötürdükcə nələr,nələr danışır.Duya bilən üçün sükutunuz çox şey anladır,əslində.Mövlanə demiş: “Gərək yox hər sözü laf ilə bəyana,bir baxış min söz eylər baxışdan anlayana”.
Bu da məsumca gülən şəhid. Səsini tez-tez dinləyirik, Xudayar.Mübariz İbrahimov,Cəbrayıl Dövlətzadə,Əkbər Mustafayev,Murad Babayev,Rəşad Rəhimov,Bəybala Əliyev,Anar Şükürov,İlqar Zeynalov,Emil Əmirov və hər mərtəbədə rastlaşdığım igidlər,xoş gördük hamınızı.Eşq olsun sizə! Sıralarınızdan keçdikcə yanımda olduğunuzu hiss edirəm.Hər birinizin şəkli vurulmuş sinif otağına girəndə qürur keçirirəm.Məsuliyyətim bir qədər də artır.Axı siz də o sinifdə bizimləsiniz,bizi dinləyirsiniz deyə düşünürəm,sanki o siniflər sizindir.Məncə,sizin adınız o siniflərdəki tələbələrin də ciddiyyət və məsuliyyətini artırıb.Qapının önündə dayanmışam.Şəhid Əfqan Əbdürrəhmanov, hazırda sənin sinfində dərs keçəcəyəm.Növbəti dərsi isə şəhid Asim Abbasovun sinfində.Gözümü şəkildən çəkib adətim üzrə qapını döyüb sinfə girirəm.İçimdə böyük bir sevginin çırpıntısı var. Boyları məndən də uca olan gələcəyin qəhrəmanları ayağa qalxırlar.

ÜLKƏR HÜSEYNLİ 🌹
11.10.2021

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir